Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda I raundun cavab görüşləri keçirilib.
Azərbaycan təmsilçilərindən Qədir Hüseynov, Rauf Məmmədov, Nicat Abasov cavab görüşündə də qələbə qazanmaqla mübarizəni davam etdirmək imkanı əldə edib. İlk oyunda heç-heçə edən Vasif Durarbəyli ikinci partiyanı qalib kimi başa vuraraq növbəti mərhələyə vəsiqə qazanıb. Xanım şahmatçılardan Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova və Gövhər Beydullayeva cavab görüşlərini qələbəylə başa vuraraq adını ikinci raunda yazdırıb.
Eltac Səfərli oyuna gecikdiyinə görə texniki məğlubiyyətlə üzləşib. Buna görə şahmatçımız Panama təmsilçisi Roberto Sançeslə tay-brekdə mübarizə aparmalı olacaq. Onunla yanaşı Abdulla Qədimbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı və Misrətdin İskənrədov tay-brek günü həlledici görüşdə iştirak edəcək.
Cavab görüşlərində uduzan Nicat Məmmədov və Xanım Balacayeva Dünya Kubokunda iştirakını dayandırıb. İlk görüşdə uduzan və cavab görüşündə heç-heçə edən Məhəmməd Muradlı da yarışla vidalaşıb.
Qeyd edək ki, avqustun 1-i turnirdə tay-brek günüdür. İkinci raund avqustun 2-də başlayacaq. Bu mərhələdən etibarən şahmatçılarımız Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə o cümlədən dünya reytinqinin lideri Maqnus Karlsen mübarizəyə qoşulacaq.