Azərbaycan şahmatçısı, Avropa çempionatının gümüş mükafatçısı Günay Məmmədzadə Bakıda keçiriləcək Dünya Kubokuna həsr olunmuş mətbuat konfransında iştirak edib. O əsas məqsədinin finala vəsiqə qazanmaq olduğunu deyib: “Mümkün qədər yaxşı çıxış etməyə çalışacam. Məqsədim Dünya Kubokunun finalına vəsiqə qazanmaqdı”.
23 yaşlı qrossmeyster bildirib ki, bu cür yarışın Azərbaycanda təşkili əsl bayramdır: "Yaxşı hazırlıq keçmişəm. İnanıram ki, hər kəs öz iddiasını ortaya qoyacaq".
O, turnirin ölkədə gənc nəsil üçün yaxşı motivasiya olacağını əlavə edib.
Qeyd edək ki, Günay Məmmədzadə mübarizəyə avqustun 2-də başlayacaq.