FƏRİD QAYIBOV: "İnanıram ki, yarış yüksək səviyyədə təşkil olunacaq"
30 Jul 2023

Dünya Kubokuna həsr olunan mətbuat konfransı keçirilib. Gənclər və İdman Naziri Fərid Qayıbov Bakıda keçiriləcək Dünya Kubokunun yüksək səviyyədə təşkil olunacağına inandığını deyib: "İnanıram ki, yarış yüksək səviyyədə təşkil olunacaq. Çünki təşkilat komitəsinin Dünya Kubokuna necə hazırlaşdığını bilirəm".
Nazir ölkədə şahmatın inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib: "Ölkəmizdə dünya çempionu yetişib, kifayət qədər nailiyyətlərimiz var. Şahmatçılarımız bütün dünyada tanınır. Bu cür yarışlar şahmatın təbliğatı üçün mühim rol oynayır.

O, Dünya Kuboku üçün Azərbaycana səfər edən FIDE prezidenti Arkadi Dvorkoviçi salamlayıb: "Onunla yaxşı münasibətlərimiz var. Şahmatı bütün dünyada yüksək səviyyədə təbliğ etdiyi üçün cənab Dvorkoviçə minnətdarlığımı bildirirəm. Azərbaycana inandıqları üçün ona təşəkkür edirəm. Həmçinin, bütün idmançılara bu yarışlarda uğurlar arzu edirəm".

F.Qayıbov Azərbaycanın istənilən beynəlxalq yarışı keçirməyə iddialı olduğunu vurğulayıb: "Bu, 10-cu Dünya Kubokudur. İndiyədək yalnız 4 ölkə bu yarışı təşkil edib. İlk növbədə yarışın keçirilməsi şərtlərinə uyğunlaşmaq lazımdır. Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycanda idman dövlət siyasətidir. Məncə, ən yaxşı cavab da budur".

Qeyd edək ki, iyulun 30-da start götürəcək yarışda 80-dən çox ölkədən 206 kişi və 103 qadın şahmatçı mübarizə aparacaq.