İyulun 30-da Bakıda start götürəcək şahmat üzrə Dünya Kubokunun loqosu təqdim olunub.
Loqoda Bakının əsas rəmzlərindən biri olan Qız Qalası və şahmatda top fiqurunun elementlərindən istifadə olunub. Top fiquru ilə qalanın cizgilərində memarlıq cəhətdən oxşarlıq yaradılıb.
Sayca 10-cu dəfə təşkil olunacaq Dünya Kubokunun open yarışında 206, qadınların mübarizəsində isə 103 şahmatçı iştirak edəcək. Şahmat dünyasının nüfuzlu yarışlarından sayılan Dünya Kubokunda planetin ən güclü zəka sahibləri mübarizə aparacaq. Onlar arasında dünya reytinqinin lideri Maqnus Karlsen (Norveç,2835), yüksək sıralarda qərarlaşan həmyerlilərimiz Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov, eyni zamanda Hikaru Nakamura (ABŞ), Fabiano Karuana (ABŞ), Aniş Giri (Niderland), Qukeş Dommaradju (Hindistan) və digərləri Dünya Kubokunda qələbə uğrunda yarışacaq.
Qadınların yarışında hazırkı dünya çempionu Yu Vençjun (Çin), Aleksandra Qoryaçkina (FİDE), Xampi Koneru (Hindistan), Katerina Laqno (FİDE), Aleksandra Kostenyuk (İsveçrə), Nana Dzaqnidze (Gürcüstan), Mariya və Anna Muzıçuk (Ukrayna), Günay Məmmədzadə (Azərbaycan) iştirakçılar sırasında olacaq.
Azərbaycanı Dünya Kubokunda Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovla yanaşı Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abasov, Eltac Səfərli, Abdulla Qədimbəyli, Misrətdin İskəndərov, Nicat Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Vüqar Əsədli qadın millimizin lideri Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayeva iştirak edəcək.
Dünya Kubokunda kişilərin yarışında ilk üç yeri tutacaq şahmatçı İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Yarışın ümumi mükafat fondu 2,5 milyon ABŞ dollarıdır.
Xatırladaq ki, Dünya Kuboku səkkiz illik fasilədən sonra ikinci dəfə Bakıda təşkil olunacaq. İlk dəfə mötəbər yarış 2015-ci ildə paytaxtımızda keçirilib.